Oktyabrın 10-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində dəhşətli yol qəzası törətmiş 1999-cu il təvəllüdlü İlkanə Əhmədovanın məhkəməsi başa çatıb.
Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun sağında dayanmış “Audi” və “Mitsubishi” markalı maşınlara çırpan və “Mitsubishi”nin sürücüsü Fəxri Umudovun ölümünə səbəb olan İ.Əhmədova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.
Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə İ.Əhmədova hadisə vaxtı üzərinə başqa maşının gəldiyini görərək maşını sağa çəkdiyini və idarəetməni itirərək iki avtomobili vurduğunu deyib. Onun sözlərinə görə, qəzadan sonra özünü pis hiss edib və təcili tibbi yardım maşını ilə xəstəxanaya gedib.
