Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb.
DTX-dən verilən məlumata görə, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində “İŞİD” terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilmiş, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnmişdir. Daha sonra o, “İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.