Ağstafa rayonunda 1985-ci il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Pərvizi (adlar şərti verilib - red.) qətlə yetirib.
Pravda.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən il yanvarın 2-dən 3-ə keçən gecə baş verib.
Yanvarın 2-də axşam saatlarından başlayaraq yaşadıqları evdə sərxoş vəziyyətdə Pərviz arvadı Fidanla münaqişə yaradıb. Pərviz həmin vaxtdan yanvarın 3-də saat 5 radələrinədək sakitləşməyib, yataq otağında döşəməyə sərilmiş döşəyin üzərində duraraq Fidanı və ailə üzvlərini öldürməklə hədələyib.
Uzun müddət davam edən münaqişədən bezmiş Fidan Pərvizi öldürmək qərarına gəlib. Əri sərxoş vəziyyətdə ayağa qalxmaq istəyərkən müvazinətini itirərək yıxıldıqda Fidan balta götürüb və yataq otağına qayıdıb.
Pərviz əlini yerə dirəyərək qalxmağa çalışsa da, sərxoş olduğundan bunu bacarmayıb. Fidan onun boyun və baş nahiyələrinə balta ilə ardıcıl 3 dəfə vurub. Pərviz aldığı xəsarətlərdən vəfat edib.
"Atam ərimi evdən qovdu"
İstintaq orqanı tərəfindən Fidanın barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fidan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2006-cı ildə Qazax şəhər sakini Pərvizlə rəsmi qaydada ailə qurandan sonra əvvəlcə 1 il Qazax şəhərində qaynatasıgillə, hazırda qeydiyyatda olduğu atasına məxsus evdə yaşayıb:
"Sonradan ərim mənimlə dalaşdığı üçün atamgil onu evdən qovdu. Buina görə də o məni özü ilə nənəsigilin evinə apardı. Orada ilyarım yaşadıq. Sonra yenidən atam evinə qayıdıb orada yaşamağa başladıq.
2011-ci ildə böyük qızım dünyaya gəldi. Həmin vaxtdan da atama məxsus evdə yaşamışıq. 2015-ci ildə Pərvizlə nikahdan digər övladımız Samirə doğuldu".
"Məni öldürməklə hədələdi"
Təqsirləndirilən şəxs qeyd edib ki, daim içki içən Pərvizlə münasibətləri həm bu səbəbdən, həm də yersiz qısqanmalarına görə son 3 ildə daha da pisləşib: "Son dövrlər spirtli içkilərə həddən artıq aludə olmasına görə evdə tez-tez qanqaraçılıq, yersiz münaqişələr yaradırdı. Ünvanıma nalayiq ifadələr işlədir, məni vururdu.
Pərviz Qazax yanğından mühafizə hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləyirdi. Bir gün işdə, iki gün ievdə olurdu. İşə gedəndə adətən içki içməsə də, qalan vaxtlarda demək olar ki, ayıq vaxtı olmurdu. Yersiz qısqanclıqlar edir, mobil telefondan istifadəyə icazə vermirdi. Söz- söhbət olmasın deyə mobil telefondan istifadə etməmişəm.
Atamgildə yaşadığım üçün qızlarımla valideynlərimin himayəsində idim. Uşaqlarımın və özümzün qidamızı, geyimimizi valideynlərim alırdı. Bir neçə dəfə rəsmi qaydada ayrılmaq istəsəm də, Pərviz imkan vermirdi. Təkbaşına yaşaya bilməyəcəyimi deyir, məni öldürməklə hədələyirdi".
Fidanın sözlərinə görə, Pərviz son dəfə işə gedib, həmin gündən məzuniyyətə çıxıb: "2021-ci ilin dekabrında evdə olduğu müddətdə demək olar ki, Pərviz hər gün içki içir, münaqişə yaradırdı. Ailə üzvlərim və qonşularımız tez-tez səs-küyümüzü eşidirdi. Atam-anam Pərvizə səs-küy salmaması ilə bağlı irad bildirirdilər. Pərvizin atasına dəfələrlə oğlunun hərəkətləri və məni incitməsi barədə şikayət etmişəm".
"Məni güclə maşına mindirdi"
Fidan qeyd edib ki, yeni ili evdə qanqaraçılıqla keçirib: "Qızlarımız atalarının xasiyyəti, içki içməsinə görə ondan uzaq durmağa çalışırdılar.
Hadisə günü Pərviz yenə içkili vəziyyətdə axşam saat 19.30-da evə gəldi. Əlində 2 lirtlik çaxır vardı. Çaxır şüşəsinin ağızını açaraq içəndə həyətdən bağa keçən hissədə yerə yıxıldı. Çaxırın yarısı yerə töküldüyü üçün aşağıda olan yardımçı tikilidə yenə məni, anamı, uşaqlarımı söydü.
Atam Bəhruz yanvarın 1-də Sumqayıt şəhərində yaşayan bacımgilə getdiyi üçün evdə azyaşlı qızlarım və anam qalmışdı. Pərviz araq istədiyini dedi. Anamın yanında Pərviz bıçağı əlinə götürərək onunla birlikdə araq almağa getməyimi istədi. Sonra çöldə dayanmış maşınına doğru getdi. Mən getmək istəməsəm də, bağıraraq məni maşının ön sərnişin yerinə mindirdi.
Arxa küçə ilə gedərkən maşının ön sağ tərəfi qonşulardan birinin hasarına dəydi".
"Əmim oğlu məni maşında tək oturan gördü"
Fidanın ifadəsinə görə, Pərviz bundan sonra maşından düşüb və söyərək ona sürücü yerinə oturmağa məcbur edib: "Maşını işə saldım, sürətl qutusunun dəstəyini dəyişərək ayağımı pedallara basmağı tapşırdı. Beləliklə, ərimlə bir yerdə onun göstərişləri ilə maşını sürdüm və Qazax şəhərində yerləşən "Məkan" adlı kafenin yaxınlığına getdim.
Pərviz maşından düşərək həmin kafeyə getdi. Təxminən 50 dəqiqə orada maşında gözlədim. Kafenin yaxınlığında anamın əmisi oğlu Aydın məni maşında tək oturan gördü, bunun səbəbini soruşdu. Pərvizin içkili halda kafedə olduğunu dedim.
Aydın içəri girdi, təxminən 15 dəqiqə sonra Pərvizlə geri qayıtdı. Aydın tanışı ilə məni və onu evimizin qapısına qədər gətirdi. Biz maşından düşərək evə girdik. Təxminən yarım saat sonra əmim Vaqif gəldi, uşaqların maşını səhvən onların qapısına qoyduğunu dedi. Tanımadığım şəxslər maşını gətirərək qapının ağzında saxlayıb sonra getdilər.
Təxminən saat 11 radələrində Pərviz yenə içkili halda yardımçı tikilidə olan əşyaları dağıtdı, stolu qaldıraraq üstündəki əşyaları yerə atdı. Qab-qacağı qırdı".
"Atasına "istəyirsənsə öz arvadını boşa" dedi"
Fidan deyib ki, həmin vaxt böyük qızı evdə yatırmış: "Balaca qızım da atasının hərəkətini görüb bacısının yanına evə qalxdı. Pərviz ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Qışqıra-qışqıra həyət darvazasının yanına çıxaraq əmimgilə tərəf qışqırdı. Dedi ki, Vaqif, gəl bunların əskikliyinə, şərəfsizliyinə, hərəkətlərinə bax. Anama dedim ki, əmimi çağır, Pərvizi sakitləşdirsin.