Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edib.
Pravda.az xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Məhəmməd Süleyman Əl-Casir paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi doğurduğunu qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında çox uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bunu yüksək qiymətləndirib. Ölkəmizin həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı həm regional səviyyədə inkişaf prosesləri, həm də artıq ölkəmizdə icra olunmağa başlanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” baxımından əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.
Qonaq qeyd edib ki, İslam İnkişaf Bankı Azərbaycanın bu təşkilata üzvlüyündən fəxr hissi keçirir və ölkəmiz həmişə fəal iştirakçı olmaqla bu qurumun fəaliyyətinə böyük töhfə verir. Əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu deyən Məhəmməd Süleyman Əl-Casir həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
Məhəmməd Süleyman Əl-Casir eyni zamanda bankın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində perspektiv layihələrə də maraq göstərdiklərini vurğulayıb, gələcəkdə ticarət və investisiya sahələrində əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu deyib. O, Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən “Elektron hökumət” sahəsində əldə etdiyi uğurlu təcrübənin bank tərəfindən digər ölkələrdə də tətbiq oluna biləcəyini bildirib.