Dövlət Gömrük Komitəsinə (DGK) sədr təyinatından sonra bu qurumun gələcək taleyi ilə bağlı suallara nöqtə qoyuldu.
Qaynarinfo xatırladır ki, hələ islahatlar kampaniyası dövründə bu dalğanın DGK-dan da yan keçməyəcəyi deyilirdi. Qurumun səlahiyyətlərinin məhdudlaşdırılacağı, hətta ləğv edilərək Vergilər Nazirliyinə birləşdiriləcəyi barədə mühalihəzələr səsləndirilirdi. DGK-nın Vergilər Nazirliyinə birləşdriləcəyi ilə bağlı ehtimallar adıçəkilən qurumların bir-birini təkrarlaması ilə əsasladırılırdı. Lakin gözləntilərin əksi baş verdi. Vergilər Nazirliyi ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. DGK isə müstəqil qurum kimi mövcudiyyətini saxladı.
Dövlət Təhülkəsizlik Xidmətinin (DTX) DGK-nın yüksək vəzifəli şəxsləri barəsində cinayət işi başlaması növbəti dəfə sözügedən qurumun ləğvi məsələsini gündəmə gətirdi. Səfər Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsindən sonra DGK-ya uzun müddət sədr təyin olunmaması da onun ləğv ediləcəyi barədə ehtimalları artırırdı. Bu ehtimal da özünü doğrultmadı. Fevralın 14-də Prezidentin sərəncamı ilə Şahin Bağırov DGK-ya sədr təyin edildi. Beləliklə, aydın oldu ki, hökumətin bu qurumu lığv etmək kimi bir niyyəti yoxdur.