"Axtarma məni". Axtarsam, bu mahnının hər notunda bir xatirəmi taparam. Necə doğma, necə əzizdir bu nəğmə mənə. Elə bu nəğmənin izi ilə kəşf etmişəm onun sənətinin cazibəsini.
Fərqli olmaq, üstəlik, illər boyunca bu fərqə sadiq qalmaq... Özünəməxsus ifa tərzi, nəğmələri, səsi ilə səhnəmizin bir Niyaməddin Musayevi var - "Şöhrət" ordenli Xalq artisti, sevimli sənətkar Niyaməddin Musayev. Ona verəcək suallarım çox olsa da, söhbətə uşaqlıqdan məni maraqlandıran bir sualla başlayıram.
- Sizin saçlarınız niyə belədir?
- (Saçlarını toplayır) Bu mənə yaraşar? Yaraşmaz axı. İmic insanın üzünə, bədən quruluşuna görə olmalıdır. Geyim də elədir. Hər bir insan geyim seçərkən öz bədən quruluşunu nəzərə almalıdır. Müasirlikdir deyib, hər şeyi geyinib gülünc vəziyyətə düşmək olmaz.
Bir gün qardaşım mənə dedi ki, bu nə saçlardır uzadırsan? Rayonda biabır olmuşuq. Mən də dedim yaxşı, o biri otağa keçib başıma bir papaq qoydum, saçlarımı da papağın altına yığdım. Bu dəfə də məni görüb dedi ki, yox, bu Niyaməddin olmadı, elə özün kimi ol.
- Siz təkcə saç düzümünüzlə yox, ifa tərzinizlə də seçilmisiniz həmişə. Çox güman ki, bunu qəbul etməyənlər də olub.
- Əlbəttə. Yeniliyi qəbul etmək çətin gəlir, çünki yenilik edən adam onu qəbul etməyənlərdən üstündür. Ya musiqi düşüncəsi zəif olan insanların arxasınca getməlisən, ya da onları öz arxanca aparmalısan. O vaxtlar mən muğam ifaçısı idim. Ancaq düşünürdüm ki, neyləyim, nə edim ki, yenilik gəlsin. O vaxt dünya estradasına, "ABBA"ya, "Boney M"ə qulaq asırdım. Ona görə də qərara gəldim ki, qərb və milli alətlərin sintezi olan bir ansambl yaradım.
- "Röya"...
- İnsanlar konsertlərimə axın-axın gəlirdilər. Sizə bir əhvalat danışım. Deməli, filarmoniyanın yay salonunda konsertimdir. "Kölgəm qədər", "Röya" kimi mahnılar oxuyuram. Elə bu vaxt bir nəfər qalxıb dedi ki, "Bu nədir, bu, nə oxumaqdır, abırlı bir şey oxuya bilmirsən? Camaat qalxdı ki, belə danışdığına görə onu döysünlər. Tez aranı sakitləşdirib dedim ki, onunla işiniz olmasın. Ona isə cavab verdim ki, bunlar sənin mahnıların deyil. Sən bu mahnıları qəbul edə bilmirsən. Sənin üçün indi oxuyaram. Başladım "Xarıbülbül" oxumağa. Kişi də mahnını eşidən kimi qışqırdı ki, "Ay sənə qurban olum". Dedim, onda otur aşağı (gülür). Yəni hər adamın zövqünə uyğun nəğmələr var.
- Elə nəğmələr var ki, müəllifinin siz olduğunu çox adam bilmir.
- Çünki Sovet dövründə belə bir damğa vurulmuşdu ki, savadı olmayan, bəstəkarlıq məktəbini bitirməyən adam bəstəkar ola bilməz. Mən isə o məktəbi qutarmamışam. O vaxt da gərək savadın olaydı ki, səni bəstəkar kimi qəbul edəydilər. Bu, yanlış düşüncədir. Hələ də Sovet şüuru ilə yaşayanlar var. Məgər xalq mahnılarını yazan konservatoriya qutarıb? Ələkbər Tağıyevin o məktəbi keçmədən yazdığı nəğmələr indi də aktualdır. Elə bəstəkarlar da var ki, təhsilli bəstəkardır, mahnı yazır, ancaq xalq onu qəbul etmir, yazdıqları da tezliklə unudulur. Onu da deyim ki, savadla istedad birləşəndə gözəl olur. Hansı bəstəkar muğamı yaxşı bilirsə, bu, onun yazdıqlarına da təsir edir. Çünki muğamın hər hissəsi bir simfoniyadır. O hissələrdən neçə nəğmə yazmaq olar.
- Muğam demişkən, siz əvvəllər muğam ifaçısı olmusunuz. Bəs, necə oldu ki, estrada da qərar tutdunuz?
- Bəli, əvvəllər muğam ifaçısı olmuşam. Əslində, mənim istəyimlə olmadı. İmişlidən Bakıya iş üçün gəlmişdim. O vaxt məni dəvət etdilər operaya, ancaq elə alındı ki, operaya getmədim, gəldim filarmoniyaya. Yetmişinci illərdə...(fikrə gedir)... 1968-ci ildə muğam müsabiqəsinin qaliblərindən biri olmuşam. İkinci yeri götürmüşəm. Əslində isə birinci yer mənim idi.
- Deyirlər ki, yaxşı nərd oynayırsınız.
- Nərdi hamı oynayır da.
- Deyirlər, siz lap yaxşı oynayırsınız.
- (Gülümsəyir) Zərdir də.
- Zər demişkən, "Bir talenin oyununda cütlənmiş zərik". Bu mahnı necə yaranıb?
- 1986-ci ildə xəstəxanada yatırdım. O vaxt filologiya elmlər doktoru Maarifə Hacıyeva məni ziyarətə gəlmişdi. Onunla ailəvi münasibətimiz vardı. Mənim Xalq Təsərrüfat İnstitutunda təhsil almağımda o xanımın böyük rolu olub. Maarifə xanım gələndə bir qazan yemək və bir kitab gətirmişdi. O gedəndən sonra kitabı vərəqlədim, gördüm, Məmməd Arazın kitabıdır, üstündə yazılmışdı ki, "Dünya sənin, dünya mənim, dünya heç kimin". Bu şeiri oxuyanda isə kövrəldim.
- Niyə?
- Onda vəziyyətim yaxşı deyildi. Dedim, ay Allah, uşaqlar körpədir, mən dünyamı dəyişsəm, onları kim saxlayacaq, kim onlara havadar olacaq? Bu, mənə çox pis təsir elədi, elə o nəğməni o xəstəxanada stolun üstündə çırtma vura-vura yazdım.
- Niyə o mahnıda sözlər musiqidən xeyli sonra başlayır?
- Bu, elə bir nəğmədir ki, birdən-birə başlasaydı, o fəlsəfəni aça bilməzdik. Çünki sözlər başdan-ayağa kədərdir, musiqisi isə ritmikdir, yəni o sözlərin musiqi ilə bağlantısı olmalıdır. Ona görə də, o cür başlayıram. İnsan qulaq asır və istər-istəməz musiqidən duyğulanır və gözləyir ritm gəlir, ritmlə də sözün ahəngi uzlaşır. Dünya da ki, başdan-ayağa ritmdir də.
"Bu get-gəllər bazarına dəvədir dünya,
Bu ömür gün naxışına həvədir dünya".
Xalça toxunanda həvə ilməni vurub yatızdırır, naxış qoyur. Sən sözün fəlsəfəsinə bax. İnsanın ömür-günü naxış olur. Zaman taleyə həvə kimi naxış vurur. Dünyada qalan nədir? Heç nə.