3 gün əvvəl atası və ərinin ailəsi tərəfindən 22 yaşlı qadının qaçırıldığını xəbər vermişdik. Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Nikaha daxil olduğu ailədə dəfələrlə şiddət və fiziki zorakılıq görən qadın boşanmaq istəsə də, ailə buna imkan verməyib. Üstəlik 3 yaşlı oğlu da əlindən alınıb.
Pravda.a xəbər verir ki, zərərçəkən Bizim.Media-ya açıqlamasında 4 illik evliliyində başına gətirilən müsibətlərdən danışıb.
Qadın övladını ondan ayıran qayınanasının və atasının cəzalandırılmasını tələb edib:
“Ailə qurandan döyülürdüm və şiddət görürdüm. Nəhayət bezib boşanmağa qərar verdim. Bunu biləndən sonra qaynanam, atam və yoldaşım mənə qarşı birləşməyə başladılar. Hər üçündən fiziki zorakılıq görmüşəm. Mənə plan qurdular ki, “gəl uşağı sənə veririk”.
Mən də sevinə-sevinə getdim. Taksidən düşən kimi qayınanam üzümə əl atdı və xəsarətlər yetirməyə başladı. Saçımdan tuta-tuta yoldaşıma verdi. Yoldaşım boynumun arxasına, atam isə qarnıma vura-vura maşına saldılar. O videoda olanların hər biri əvvəlcədən düşünülüb. “Sədərək” Ticarət Mərkəzinin üstündə özümü magistral yola atdım. Həmin an atam koftamı cırdı ki, bədənim görünsün. Yoldaşım isə təhqiredici sözlər söyləməyə başladı. Mənə bir ailə kömək etdi. O ailənin maşınına da müdaxilə etdilər və uşaqlarını hədələdilər. Sağ olsun, ailə məni ələ vermədi və qan içində özümü polis bölməsinə çatdırdım. Oradan isə xəstəxanaya yerləşdirildim”.