Xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-dən Pravda.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, müxtəlif fəaliyyət sahələri üzrə münasibətlərin daha da genişləndirilməsi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə, iki ölkə arasında beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin inkişafında mövcud siyasi dialoqun mühüm rol oynadığı vurğulanıb. Azərbaycan və Ukrayna arasında əlaqələrin genişlənməsində Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Ukrayna, o cümlədən Ukrayna Ali Radasında fəaliyyət göstərən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qruplarının fəaliyyətləri yüksək qiymətləndirilib.