Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən həftənin sonu Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə rəsmi Bakı arasında görüş keçirilib. Bu görüşün Ruben Vardanyanın Bakının tələbi ilə “vəzifəsindən” çıxarılmasından sonra baş tutması xüsusilə diqqət çəkir. Və belə görünür ki, təmasların qarşısını almağa çalışan Vardanyanın “vurulması” ilə proses yenidən başlayır.
Burada önə çıxan bir neçə məqam var:
- Görüşdə nələr müzakirə edilib?
- Qarabağ ermənilərini kimlər təmsil edib?
- Bu, ermənilərin iddia etdikləri “Bakı-Xankəndi” danışıqlarıdır, yoxsa..?
Rusiya tərəfinin rəsmi məlumatında bildirilir ki, görüşdə Qarabağdakı ermənilərin elektrik və qaz təchizatının bərpasında yaranmış problemlərin aradan qaldırılması razılaşdırılıb.
Rəsmi Bakı Qarabağdakı erməni əhalisinin humanitar xarakterli bu və digər problemlərinin həllinə həssaslıqla yanaşır, o baxımdan, təchizatda çətinliklərin aradan qaldırılmasına yardım etməsi normaldır. Lakin belə bir görüşdə təbii ki, əsas müzakirə mövzusu Bakının tələbləridir. Söhbət sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərdə monitorinqin aparılmasından gedir. Rusiya tərəfinin məlumatında bu haqda qeyd olmasa da, bununla bağlı məsələnin tələb kimi qoyulduğu şübhəsizdir. Hətta erməni mənbələrində monitorinqin aparılması ilə bağlı məsələnin həll edildiyi haqda məlumatlar da yayıldı. Hərçənd, Xankəndidəki separatçı-terrorçu rejim bunu təkzib edir.
Və ən mühüm detallar separatçıların açıqlamasını incələdikdə ortaya çıxır.
Separatçı rejimin “başçısının” qondarma “mətbuat katibi” Lusine Avanesyan görüşlə bağlı açıqlamasında Rusiya MN-in məlumatını təkrarlayıb. Daha sonra əlavə edib: “Laçın yolunun açılmasına (?) gəlincə, əldə etdiyimiz məlumata görə, Rusiya tərəfi bu istiqamətdə səylərini davam etdirir”.