Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq.
Ərizə qəbulunun 1-ci mərhələsi (bütün abituriyentlər üçün)
Ərizə qəbulunun birinci mərhələsi 2023-cü il martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 2 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 2 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.
2022-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də martın 1-dən 15-dək qeydiyyatdan keçməlidirlər.
Ərizə qəbulunun 2-ci mərhələsi (I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün)
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2023-cü il aprelin 15-dən mayın 5-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər. Bu zaman abituriyentlər qəbul imtahanının II mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından silinir. Qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər öz istəklərinə əsasən təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan aşağıdakı seçimlərdən birini edirlər:
I ixtisas qrupu üzrə: RK; Rİ; RK və Rİ;
III ixtisas qrupu üzrə: DT; TC; DT və TC.
I ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər isə “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2023-cü il iyunun 5-dən 25-dək aparılır. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçməlidirlər.