28 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyasının yüksək səviyyəli seqmenti çərçivəsində keçirilmiş “İnkişaf Bəyannaməsinin 35-ci il dönümü münasibətilə yüksək səviyyəli tədbir”də Qoşulmama Hərəkatı adından açılış nitqi ilə video müraciətlə çıxış edib.
XİN-dən verilən məlumata görə, sözügedən tədbir Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürülmüş və İnsan Hüquqları Şurasının 49-cu sessiyasında qəbul olunmuş 49/8 saylı qətnaməsinə uyğun olaraq, QH-nin Azərbaycan sədrliyi ilə birlikdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən təşkil olunub.
Nazir Ceyhun Bayramov çıxışında QH adından tədbirin təşkilində əməkdaşlığa görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təşəkkürünü bildirib. 35-ci il dönümü qeyd olunan Bəyannamənin “inkişafı” insan hüququ kimi müəyyən etdiyini vurğulayıb. Bununla belə, inkişaf hüququnun 1993-cü ildə qəbul olunmuş Vyana Bəyannaməsi və Fəaliyyət Planında da yekdil olaraq müstəqil insan hüququ kimi tanınmasına baxmayaraq, onun konsepsiyasının yanlış təfsiri cəhdləri və bölücü beynəlxalq diskursun müşahidə olunduğunu qeyd edib.
COVID-19-a qarşı peyvəndlərin dünya üzrə qeyri-bərabər bölüşdürülməsinin geniş iqtisadi və sosial xərclərinin və bununla bağlı pandemiyadan bərpa mərhələsində dövlətlər üzrə fərqli vəziyyətlərin inkişaf perspektivləri və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmanı daha da geriyə atdığını bildirib.