1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey ilə görüşüb.
Pravda.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında siyasi, ticarət və iqtisadi, nəqliyyat əlaqələrinin yüksək inkişaf dinamikasını məmnunluqla qeyd edib, əməkdaşlığımızın qarşılıqlı maraq doğuran digər bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Ölkələrimiz arasında son illərdə həyata keçirilmiş yüksək səviyyəli rəsmi səfərlərdən məmnunluq ifadə olunub.
Tərəflər iki ölkənin regionları və şəhərləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının, inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini qeyd ediblər.
Görüş zamanı Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.