Son vaxtlar "Tiktok” sosial platformasında söyüş və təhqirlər səsləndirənlər ictimai qınağa tuş gəlirlər. Hətta həmin platformada təhqirlərə məruz qalan bəzi şəxslər polis orqanlarına da müraciət edirlər. "TikTok”un bağlanmasını istəyənlər də az deyil. Səbəb kimi isə orada qeyri-etik və mənasız kontentin yayılması göstərilir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrildiyi üçün bir qisim istifadəçi bununla razılaşmır. Çox təəssüf ki, müasirlik deyəndə, avropalaşmaq deyəndə düşüncələrdə söyüşlə danışmaq formalaşır. Şübhəsiz, hansısa avropalı sözügedən platformadan şəxslərin ünvanına təhqir səsləndirmək üçün istifadə etmir.
Dünyanın bir çox inkişaf etmiş ölkələri, hətta ABŞ və Böyük Britaniyada yüksək səviyyəli dövlət rəsmiləri "TikTok”un bağlanılmasını və ya qanunlarla tənzimlənməli olduğunu bildirirlər. Mövzu ilə bağlı "Sherg.az"a danışan "Azxeber.com"un redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli təəssüflə bildirib ki, Azərbaycanda "TikTok" platforması əxlaqsızlığın ən çox təbliğ edildiyi seqmentə çevrilib:
"Yüzlərlə neqativ videonun, canlı yayımda bir-birini təhqir edənlərin şahidi oluruq. Söyüşlə məşhurlaşan bəzi "TikTok" istifadəçiləri saxlanıldı, hətta narkotik vasitələrdən istifadə etdikləri də aşkarlandı. Demək, canlı yayım açan şəxslərin bir qismi sağlam həyat tərzi sürmür.