Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.
Pravda.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlət başçısını təbrik edib. Bildirib ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatın dünyada rolunu daha da gücləndirib.
Rafael Mariano Qrossi ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Rafael Mariano Qrossiyə tədbirdə iştirakına görə minnətdarlığını ifadə edib, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verdiyini deyib.
Dövlət başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirib. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya səhələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.