Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü, uzun müddət “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının nümayəndəsi kimi fəaliyyət göstərmiş Cəbrayıl Fərzəliyev hazırda yarım milyondan çox vəsaitin yeyintisində ittiham olunur. İddia edilir ki, o, “Paşa Bank”dan, Gənclər Fondundan müxtəlif işlər görmək adı ilə ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib. Gununsesi.info xəbər verir ki, 33-yaşlı Fərzəliyev hazırda həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona külli miqdarda mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan maddələrlə ittiham irəli sürülüb.
Vəkili deyir ki, Fərzəliyev saxlandığı Bakı İstintaq Təcridxanasına bir neçə dəfə intihara cəhd göstərib. Bu üzdən onun psixiatrik ekspertizadan keçirilməsini istəyir. Məhkəmədə də bu barədə vəsatət qaldırıb. Hakimlər isə vəkilin nəzərinə çatdırıb ki, istintaq dövründə Fərzəliyev ekspertizadan keçirilib, o rəy araşdırılanda əlavə suallar yaransa, bir də bu məsələyə yenidən baxa bilərlər.
“Qayıdışın izi ilə” adlı film çəkəcəkmiş
Cinayət işinin materiallarından məlum olur ki, ittihamda göstərilən 527 min manatın 342 minlik hissəsinin “Paşa Bank”dan götürüldüyü iddia edilir. Fərzəliyevin adına həm də bir neçə şirkət olub. İttihama əsasən, o, həmin şirkətlərdən biri olan “Universal” MMC-yə avadanlıqların alınması, dövriyyəsinin artırılması və s. adlarla müxtəlif vaxtlarda bankdan kreditlər götürüb və qaytarmayıb.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri kimi fəaliyyət göstərən Fərzəliyev həmçinin bir sıra başqa təşkilatlarda da təmsil olunurdu. O, Gənclər Fondu ilə müəyyən layihələr həyata keçirmək üçün qrant müqavilələri bağlayıb. Onların arasında “Qayıdışın izi ilə” adlı filmin hazırlanması da daxil olmaqla müxtəlif işlərin görülməsi olub.