Bakıda müştərinin "Port Baku Mall" ticarət mərkəzindən 820 manata aldığı gödəkçə keyfiyyətsiz tikilsə də, onu geri qaytara bilməyib. Qaynarinfo-nun məlumatına görə, Hüseyn (şərti) adlı şəxs "Port Baku Mall" ticarət mərkəzindəki mağazaların birindən 775 manat dəyərində "Outwear A06284 01DAP FW22/23 Diesel” modelində gödəkçə alıb.
Evə getdikdən sonra gödəkçənin ona yaraşmadığını görüb, dərhal həmin dükana qayıdaraq öz istehlakçı hüquqlarından istifadə edərək gödəkçəni başqası ilə əvəz edib. O, 775 manat ödəyərək aldığı "Outwear A06284 01DAP FW22/23 Diesel” modelində gödəkçəni qaytarıb və əlavə 45 manat da ödəyərək 820 manata "Outwear A06285 0AEAİ FW22/23 Diesel” modelində gödəkçə alıb.
Lakin bu dəfə evə getdikdən sonra gödəkçənin keyfiyyətsiz tikildiyini görüb və mağazaya qayıdaraq malın geri alınmasını, pulun ödənilməsini tələb edib. Amma satıcılar onun istehlakçı hüquqlarını pozub, guya həmin gödəkçəni geyindiyini bildirərək, qaytarmaqdan imtina ediblər.