Son günlər qəfil ölümlərin sayı kifayət qədər artıb. Buna səbəb kimi də bəzi sosial şəbəkə müzakirələrində İrandan gətirilən dərmanlar göstərilir. Belə ki, insanlar İrana gedən yük maşınlarının sürücülərinə ucuz və təsirli ağrıkəsici aldırırlar və həmin dərmanlar da deyilənlərə görə infarkta səbəb olur. Ümumiyyətlə, İrandan gətirilən dərmanların keyfiyyətsiz olması barədə zaman-zaman iddialar səsləndirilib. Belə düşünülür ki, sözügedən ölkədən idxal olunan dərman vasitələri ucuz olduğundan əhalinin diqqətini çəkir.
Bu da sonrakı fəsadları ilə yadda qalır. Farmakoloq Aydın Əliyev mövzu ilə bağlı Cebhe.info-ya danışıb. Həkimin sözlərinə görə, bu dərmanlar gətirilərkən tərkibi araşdırılmalıdır:
"İrandan gələn dərmanların keyfiyyətsizliyi haqqında hər zaman fikirlər olub. Həmin dərmanlar ümumi ağrını götürür, cəmiyyət də buna aldanır" kimi fikirlər var. Bu fikirlər yayılıbsa, deməli, müəyyən həqiqətləri də əks etdirir. Çünki insanlar İrandan gətirilən dərman vasitələrindən çox istifadə edirlər. Lakin həmin fikirlərin təsdiqi də olmalıdır. Bundan sonra təbliğatı çox gedən, şişirdilən, təriflənən dərmanlar haqqında doğrular ortaya çıxarılmalı, cəmiyyət də bilməlidir ki, bu dərmanların heç bir əhəmiyyəti yoxdur”.