Şəriətə görə, ibadətlə məşğul olub içki içmək haram və böyük günahdır. Bəzi insanlar düşünür ki, 100 qram içib, özümü idarə edirəmsə, məst olmuramsa, bunun nəyi günahdır? Din xadimləri isə birmənalı şəkildə belə halların günah olduğun deyir, həmin şəxsləri isə cahil sayırlar. Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, indiki zamanda ibadətlə məşğul olan insanların əksəriyyəti içki içməklə məşğuldur:
“İçki içməklə bağlı alimlərin hər birinin özünəməxsus rəyləri var. Kiminə görə içki içmək insanı dindən-imandan çıxardığı halda, kimisinə görə də sadəcə bir günahdır və Allah istəsə, onu cəzalandıracaq. Qurani-Kərimdə isə şərab içmək ən pis əməllərdən biri kimi qiymətləndirilir. Təmiz insanlara içki içməyi heç bir halda yaraşdırmıram. Bu həyatda kim pis əməllə məşğul olursa, etdiyi hərəkət də əvvəl-axır onun qarşısına çıxacaq. Lakin elələri də var ki, təmiz qəlblə Allaha, dininə, imanına bağlanır, savab işlər görür. Allah bu halda onu etdiyi günahlardan təmizləyə bilər. Hər bir müsəlman nə qədər günah etsə də çalışsın ki, ibadət etsin. İbadətlə məşğul olan insan istər-istəməz içkidən uzaqlaşacaq”.