Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Köröşini qəbul edib.
XİN-dən verilən məlumata görə, Çaba Körösini salamlayan nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkəmizin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə görüşünün əhəmiyyətindən bəhs edib.
Nazir Ceyhun Bayramov BMT nümayəndələrinin son illərdə ölkəmizə səfərlərindən, BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, BMT-nin gündəliyində duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal iştirakını və təşəbbüslərini diqqətə çatdırıb.