5 mart 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Cibuti Respublikasının xarici işlər naziri Mahamud Ali Yusuf ilə görüşüb.
XİN-dən Pravda.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Cubuti arasında ikitərəfli siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında xüsusilə iqtisadi, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüş zamanı, nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Azərbaycana, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman göstərdiyi dəstəyə görə Cibuti tərəfinə təşəkkür edib.