““Elektroenergetika haqqında” qanunun bu şəkildə qəbulu ciddi problemlər yarada bilər. Qanun üzərində xeyli işləmək lazımdır. Onu sadə istehlakçıların, yəni elektrik enerjisindən istifadə edən aztəminatlı insanların maraqlarına uyğunlaşdırmağa çalışmalıyıq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.
Deputat deyib ki, qanunun bu şəkildə qəbulu elektrik enerjisinin qiymətinin bir neçə dəfə artması ilə nəticələnəcək: “Bu isə sosial narazılıq, əhalinin sosial vəziyyətinin ağırlaşması və bütün istehlak məhsullarının artımına səbəb olacaq. Yəni bazarda olan qiymətlər də 2-3 dəfə bahalaşmağa məcbur olacaq. Bunun ardınca qaz və su qiymətləri də artmağa doğru gedəcək, çünki iqtisadiyyatın aparıcı qüvvəsi həm də elektroenergetika sahəsidir. Digər tərəfdən, elektroenergetika bazarının liberallaşdırılması enerjinin müxtəlif şirkətlər tərəfindən əhaliyə satılması deməkdir. Bu gün regional paylayıcı şəbəkələrin 70 faizi istismar dövrünü bitirib, iri həcmli sərmayələr tələb olunur ki, onları sağlamlaşdıra bilək. Biz bu şəbəkələri sağlamlaşdırmadan liberal bazar modelinə keçidlə vəziyyəti daha da ağırlaşdıracağıq. Əminlik varmı ki, hansısa şirkət yüz milyonlarla vəsaiti yatıracaq və regional paylayıcı şəbəkələri yeniləyəcək? “Barmek” və “Bayva”nın timsalında gördük ki, mövcud sistemləri dağıtdılar, bir manat da vəsait yatırmadılar. Pul qazanmaq istəyən şirkətin nəyinə lazımdır ki, camaat narazı qalacaq, ödəməyə gücü çatmayacaq. Şirkətlərin qarşısında tələb qoyulacaq ki, infrastrukturu yeniləyin. Onlar da baxacaq ki, mövcud tariflə pul yatırmağa dəyməz, tələb edəcək ki, enerji tarifləri iki-üç dəfə bahalaşsın. Onlar camaatın, kasıb xalqın cibinə girib olan-olmazını süpürüb yatırım qoyacaq, qazanacaq, sosial narazılığı da nəzərə almayacaq. Burada oturan deputatlar narazı camaatın qabağına çıxmalı olacaq, hökumət nümayəndələri, dövlət adamları narazı xalqın qarşısında cavab verməkdə çətinlik çəkəcək. Demirəm ki, qəbul etməyək. Edək, amma indi yox. Heç olmasa, qanunun qüvvəyə minməsi tarixini çəkək 2028-ci ilə. Qanun beş il sonra qüvvəyə minsin. Təklif edirəm ki, ictimai dinləmə keçirilsin. Bu qanun enerji sahəsində siyasəti kökündən dəyişir və biz bunu birbaşa qəbul etməyək. Parlamentdə gözəl bir ənənə yaranıb. Maraqlı tərəflərin iştirakı ilə geniş ictimai dinləmə keçirilir. İctimai dinləmə keçirilsin, maraqlı tərəflər fikirlərini əsaslandırsın. Qanunu təqdim edən tərəf, ictimai təşkilatlar, ekspertlər, dövlət idarələri, “Azərenerji”, “Azərişıq” iştirak etsin, suallarımıza cavab versin”.