Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Pravda.az xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT-nin Baş katibinə çatdırmağı xahiş etdi.
Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirdi, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmasların həyata keçirildiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.
Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək, bu Mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış etdiyini dedi.
Migel Anxel Moratinos Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda Zirvə görüşünün uğurla keçirildiyini qeyd etdi.
O, BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini dedi və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirdi.