Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yeni dələduzluq üsulları ilə bağlı xəbərdarlıq edib.
Bu barədə qurumdan bildirilib.
Məlumatda deyilir ki, son araşdırmalara əsasən, fırıldaqçılar tərəfindən kart istifadəçilərinin pul vəsaitlərinin yeni sxem əsasında ələ keçirilməsi müşahidə edilir.
“Belə ki, SMS məlumatlandırma və sosial şəbəkələrdə olan hesablar üzərindən kart istifadəçilərindən iş yeri ilə təmin edilmə və ya virtual satışdan əlavə gəlir mənbəyinin formalaşdırılması məqsədilə ilk növbədə müvafiq internet səhifədə (www.mercadorss.com və s.) qeydiyyatdan keçmək istənilir.
Qeydiyyatdan keçən kart istifadəçilərinə məbləğə görə faiz gəliri təqdim edən müxtəlif xidmət paketlərinin əldə edilməsi təklif edilir. Bu məqsədlə, kart istifadəçiləri mövcud balanslarının artırılması üçün pul vəsaitini (10-10 000 AZN məbləği intervalında) fırıldaqçılar tərəfindən təqdim edilən ödəniş kartına köçürməlidir. Fırıldaqçılar istifadə etdikləri ödəniş kartlarını mütəmadi qaydada dəyişdirmək üçün fərqli yanaşmadan istifadə edirlər. Belə ki, kart istifadəçiləri “WhatsApp” və “Telegram” üzərindən “işə cəlbetmə” adı altında bu yeni fırıldaqçılıq sxemində iştiraka dəvət edilirlər. Bu şəxslərdən isə fırıldaqçılıq sxemində vasitəçi olaraq ödəniş kartlarına toplanacaq pul vəsaitlərinin sonradan fırıldaqçılar tərəfindən göstərilən ödəniş kartlarına köçürülməsi və “Binance” tətbiqində və s. qeydiyyatdan keçərək əlavə hesab açılması tələb edilir.