Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib.
Pravda.az xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun ildən ilə artdığı vurğulanıb. Budəfəki Forumda da daha çox sayda ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bunun göstəricisi kimi dəyərləndirilib.
Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Dövlət başçısı Şahzadə Turki Al Faysal Al Sauda işğaldan azad olunmuş ərazilərimizə dünən etdiyi səfərə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə də Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirib.