Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı genişlənib.
Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısına aşağıdakılar da əlavə edilib:
-“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə
- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə”.
Energetika Nazirliyi tərəfindən Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısına aşağıdakı bəndlər də əlavə edilib:
-“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə verilməsi
-ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi
-elektrik enerjisinin ötürülməsinə icazə verilməsi