Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, “Xudat” və “Zaqatala” sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 nəfər sərhəd pozucuları sərhəd naryadlarının sayıqlığı nəticəsində saxlanılıblar.
Bu barədə Pravda.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Mart ayının 10-da saat 20:40-da DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında, mart ayının 11-də saat 05:55-də Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Mikayıllı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadlarının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Ərazidə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 30 kiloqram 600 qram narkotik vasitə, 1440 ədəd Metadon M-40, 754 ədəd Preqabalin, 50 ədəd Qababrel psixatrop həbləri və müxtəlif təyinatlı dərman preparatları aşkar olunaraq götürülüb.