Azərbaycan Texniki Universitetin Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Eldar Mehralı oğlu Qocayev ötən gün vəfat edib. 79 yaşlı Eldar Qocayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Pravda.az Modern.az-a istinadən xəbər verir ki, mərhum Eldar Qocayev məşhur polis polkovniki Nizami Qocayevin qardaşıdır.
Bundan başqa, mərhum Eldar Qocayev sabiq təhsil naziri Misir Mərdanovun həm bibisi oğlu, həm də yeznəsi imiş.
Məlumatı Misir Mərdanovun özü də təsdiqləyib:
“Eldarla mənim aramızda iki yaş fərq var idi. O, mənim bibim oğlu idi. Uşaqlıqdan, demək olar ki, bir ailədə böyümüşdük. Mən Bakı Dövlət Universitetinin birinci kursuna daxil olanda o, Fizika fakültəsinin üçüncü kursunda oxuyurdu. Birinci və ikinci kursda oxuduğum zaman onunla yataqxanada bir otaqda qalırdıq. Sonralar Eldar mənim bacım Suqra ilə ailə həyatı qurdu. Çox zəhmətkeş, işgüzar, səmimi, təvazökar, məsuliyyətli, yeri gələndə sözünü deyən bir insan idi.
Onu 2023-cü il martın 12-də əvvəlcədən özünün aldığı yerdə - Badamdar qəbiristanlığında dəfn etdik. Allah rəhmət eləsin”.