Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.
Qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.