Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Barolar Birliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Pravda.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşlər keçirib.
Görüşlər zamanı hər iki ölkənin məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə olunub.
Keçirilən görüşlərdə Türkiyə və Azərbaycan vəkilləri arasında əməkdaşlığın gücləndirilməsi barədə təkliflər də səsləndirilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyə vəkilləri və hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi ilə çıxış edib. Bu platformanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində faydalı olacağına əminliyini bildirib.