Azərbaycanda siyasi sahədə keçirilən islahatlar göz önündədir və bundan demək olar ki, bütün dövlət qurumları öz payını alıb. Bəlkə də yeganə qurum Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsidir ki, həyata keçirilən islahatlardan yayınmağa imkan tapıb. Deyəsən, bu Komitənin rəhbəri Mübariz Qurbanlı “dini üsullar”dan istifadə edərək gözəgörünməz olmağı bacarıb. Necə deyərlər, cənab Qurbanlı öz balaca köşəsinə çəkilərək “böyük işlər” görməkdədir. Onun biznes imkanlarına malik olması haqda kifayət qədər məlumatlar mövcuddur. Komitə sədrinin öz mənzilini milyonluq pəncərə sistemi ilə təchiz etməsi, onun hansı “işlər”lə məşğul olduğunu bilmək üçün kifayət edir. On ilə yaxındır ki, “gözdən uzaq, könüldən iraq” gəzməyi bacaran Mübariz Qurbanlının Dini Komitə ilə uzaqdan-yaxından bağlılığı olmadığı, din-dövlət münasibətlərinə xələl gətirdiyi, bu istiqamətdə heç bir iş görmədiyi gün kimi ortadadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dini ideologiya cəhətdən çox həssas regionda yerləşir və cənub qonşumuz İranın bu mənada ölkəmizə təsir imkanları çox böyükdür.
Vəzifəsi QMİ ilə bərabər ölkədə dini-ideoloji mühiti sağlamlaşdırmaqdan, milli din xadimlərini yetişdirməkdən, dövlət-din münasibətlərini tənzimləməkdən və xarici təsirlərdən qorumaqdan ibarət olan Komitənin bu sahədə heç bir fəaliyyəti yoxdur. Heç Mübariz Qurbanlı özünə əziyyət verərək televiziya kanallarına çıxıb ölkədə baş verən dini proseslər haqda kəlmə kəsməyi də özünə rəva görmür. Məhz bu səriştəsiz fəaliyyətin nəticəsidir ki, ölkənin dini cameəsində İran təsiri öz sözünü deyir. Digər tərəfdən, axırıncı dəfə Mübariz Qurbanlının hansısa televiziya efirinə çıxıb Prezident tərəfindən həyata keçirilən islahatlar barədə danışdığını da xatırlamıram. Sanki cənab Qurbanlı Azərbaycanda yaşamır və ölkədə baş verən proseslərin bu şəxsə heç bir aidiyyatı yoxdur. Belə olan təqdirdə haqlı sual meydana çıxır: Görəsən, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi nəyə və kimə lazımdır? Ümid edirəm ki, Mübariz Qurbanlı uzun müddətlik sükutu pozaraq sualın cavabına özü şəxsən aydınlıq gətirəcək. Amma hər bir halda Komitənin və onun sədrinin fəaliyyəti haqqında aidiyyatı qurumlar araşdırmalara başlasalar, bir çox qaranlıq məqamlara aydınlıq gətiriləcəyinə şübhə etmirəm.