Rusiya qadın məhkumları şərqi Ukraynada işğal olunmuş ərazilərdə işləməyə göndərir.
Bu barədə məlumatı Rusiya fəallarından biri verib.
Martın 13-də məhkumların hüquqlarını müdafiə edən qrupun rəhbəri Olqa Romanovanın bu məlumatını Ukraynanın hərbi rəsmiləri də təsdiq ediblər.
Hərbçilər bildiriblər ki, işğal olunmuş ərazilərdə rusiyalı məhkum qadınlara rast gəlinir.
Rusiya hökuməti hələ ki, bu məlumatla bağlı heç bir açıqlama verməyib.
Ümumiyyətlə isə Rusiya Ukraynaya müdaxiləsində məhkumlardan artıq 13 aydır ki, istifadə edir.
Wagner özəl hərbi şirkətinin Ukraynada döyüşən qüvvələrinin böyük bir qismini məhz koloniyalardan səfərbər olunmuş məhkumlar təşkil edir.
Onlar tamamilə əfv olunmalarının və ya məhkumluq müddətlərinin azaldılması müqabilində Ukraynada döyüşmək üçün kontraktlar imzalayıblar.
Məhkumlar adətən cəbhənin ən qızğın yerlərinə göndərilirlər və buna görə də onların arasında itkilər daha böyükdür.
Wagner məhkumların səfərbərliyini ötən aydan dayandırdığını bildirsə də, bəzi məlumatlara görə indi bu işlə Müdafiə Nazirliyinin özü məşğul olur.
Amma qeyd olunur ki, qadın məhkumların Ukraynaya hansı məqsədlə göndərildiyi hələ ki, aydın deyil.
Martın 13-də Ukrayna silahlı qüvvələrinin baş qərargahı bildirmişdi ki, məhkumları daşıyan qatar Donetsk regionunda müşahidə olunub.