Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nə qədər ağlasığmaz olsa da, məxsusi elektron poçt sistemi qurması, məxsusi serverlər yaratması və özəl antivirus proqramları alması (zərərverici proqram təminatlarına qarşı müdafiə sistemi) ilə bağlı tender elanına rast gəlmişdim.
Ona görə ağlasığmaz qeyd edirəm ki, bunlar açıq-aşkar başqa dövlət qurumlarının səlahiyyətlərinə daxil olan, həm də birbaşa təhlükəsizliklə bağlı məsələlərdir. İndi baxıram ki , həqiqətən də Nazirlik belə bir tenderi reallaşdırıb və “B2B Group” şirkəti ilə təxminən 1.2 milyon manat məbləğində müqavilə imzalanıb.
Dərhal qeyd edim ki, bizi məbləğ və ildə az qala yüzlərlə tender qalibi olan “B2B Group” deyil, belə bir tenderin mahiyyətcə həm qanunvericiliyə və Prezident fərmanlarına və ümumiyyətlə məntiqə zidd olması diqqətimizi cəlb etmişdi.
Məlumdur ki, ölkədə dövlət qurumlarının informasiya təhlükəsizliyi, e-poçt xidmətlərinin təşkili Xüsusi Rabitə və İnformasiya Təhlükəszilyi Dövlət Xidmətinin, dövlətə məxsus yeni məlumat bazalarının saxlanılması isə RİNN-in AzİnTelecom qurumunun səlahiyyətindədir. Məxsusi olaraq, dövlət qurumlarının e-poçt sistemlərinin təhlükəsizliyi ilə bağlı Prezidentin 19 iyun 2012-ci il tarixli fərmanı da var.
Məlumdur ki, XRİTDX bütün dövlət qurumlarına təhlükəsizlik sınaqlarından keçmiş e-poçt xidmətləri təqdim edir.
Hətta bu qurum ötən ay “Dövlət qurumlarının İT zirvə toplantısında ” açıqlamışdı ki, may ayından etibarən Azərbaycanın bütün dövlət qurumları yeni poçt sisteminə köçürüləcək.
Yəni, bütün bunlar məxfi informasiyalar deyil, bu haqda açıq sistemlərdə də məlumatlar var.
Xatırlayıram ki, XRİTDX-nin ödənişli olan bəzi İT xidmətlərinin tariflərini də ötən il Tarif Şurası təsdiqləmişdi.