Dövlət İmtahan Mərkəzi martın 5 və 12-də keçirilən buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirilib.
Qurumdan Pravda.az-a verilən xəbərə görə, son günlər 5 və 12 mart tarixlərində keçirilimiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında müəyyən müzakirələr aparılır. Buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur, həmçinin imtahanların nəticələri orta məktəbdə təhsil alan şagirdlərin yekun attestasiyası, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır. Bu baxımdan imtahanlara marağın yüksək olması və müzakirələrin aparılması başadüşüləndir və Dövlət İmtahan Mərkəzi tərəfindən anlayışla qarşılanır. Lakin müəyyən məqamları bir daha imtahan iştirakçılarının diqqətinə çatdırmaq istəyirik. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir. 11-ci sinifdə fevral ayından sonra keçirilən mövzular imtahanda istifadə olunmur. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olun dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir.
Məlumat üçün bildiririk ki, respublikamızın təhsil sistemində 2008-ci ildən etibarən yeni təhsil proqramları (kurikulumları) tətbiq olunur. Təhsilin məzmunu dəyişərək “yaddaş məktəbi"ndən “təfəkkür məktəbi"nə keçilib. Bu isə o deməkdir ki, tədris prosesində məqsəd təkcə biliklərin verilməsi deyil, bacarıqların da formalaşdırılması olmalıdır. Bu əsas götürülərək buraxılış imtahanlarında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanmış imtahan modeli tətbiq olunur. Yəni imtahanda qapalı tipli tapşırıqlarla yanaşı, ətraflı yazılı cavab tələb edən tapşırıqlardan da istifadə olunur. Bu tapşırıqlar meyarlar əsasında qiymətləndirilir və bu imtahan iştirakçılarının bilik və bacarıqlarının daha dəqiq müəyyən olunmasına imkan verir. Onu da bildiririk ki, belə tapşırıqlar aşağı siniflərdən başlayaraq dərsliklərdə istifadə olunur.