İş adamı Şirzad Quliyev keçmiş polis rəisi Rza Hacıyevin onu təhdid etdiyi üçün aldığı cəza müddətindən narazıdır. “Qafqazinfo”ya müraciət edən Quliyev bildirib ki, sabiq rəis onu ictimai yerdə avtomatla hədələyib, maşınını gülləbaran edib. Bununla belə Ali Məhkəmə Hacıyevə cəmi 1 il azadlıqdan məhrum etmə cəzası verib.
Xatırladaq ki, Rza Hacıyev Milli Qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, vaxtilə Neftçala və Sabunçu rayonlarının polis rəisi olub. 2021-ci il dekabrın 16-da Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan Şirzad Quliyevin “Lexus” markalı maşınına avtomatdan 9 dəfə atəş açıb. Buna görə barəsində cinayət işi başlanaraq həbs edilib.
Şirzad Quliyev müraciətində qeyd edir ki, hadisə baş verən zaman ətrafda çoxsaylı yaşayış evləri olmasına baxmayaraq, Hacıyev qanunsuz gəzdirdiyi “Kalaşnikov” avtomatı ilə 3-4 metr məsafədən onun avtomobilini atəşə tutub: “Avtomobilə 15 min manat ziyan dəydi. Maşın bir qırağa, bu, mənim həyat və sağlamlığım üçün real təhlükə idi. Rza Hacıyev Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilindi. Sabunçu Rayon Məhkəməsi Rzanın şəxsi əlaqələri sayəsində ona şərti cəza vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirib real cəza ilə əvəz etdi. Rza Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edildi.
Rza kassasiya şikayəti verdi və işə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxıldı. Hakimlər cinayətin odlu silahdan istifadə edilməsi ilə törədilməsinə, ictimai yerdə törədilməsinə baxmayaraq, belə nəticəyə gəldilər ki, Rza Hacıyevin əməllərində xuliqanlıq yoxdur. Onun cəzasını 1 ilə endirərək qısa müddətdə azadlığa çıxması üçün şərait yaratdılar”.
Məsələ ilə bağlı Ali Məhkəməyə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib.