Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Nəsimi rayonu "Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra həmin ibadət evinə hansısa təyinat olmayıb.
Pravda.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
O bildirib ki, ötən həftə həmin məscidin dini icmasının istəyi ilə Elbrus Kərimov müvəqqəti olaraq məsciddə dini ayinlərin icrasını həyata keçirib:
"Daxil olan məlumatlara əsasən, E.Kərimovun dini təhsilinin olmadığı müəyyən edilib. Bununla bağlı Dövlət Komitəsində "Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüş keçirilib, imam vəzifəsinə təyinat olanadək qanunvericiliyin tələbinə uyğun olaraq dini ali və orta ixtisas təhsili olan şəxsin müvəqqəti olaraq dini ayinləri icra etməsi tövsiyə olunub”.