BURADA REKLAMINIZ OLA
BİLƏR

"Şou əhlinin Həccə getməyində qəbahət bir şey yoxdur" - Şeyxin müavini

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər təyin edib. Belə ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları, yəni 9775 manatdır. İldən-ilə artan Həcc qiymətləri hər zaman olduğu kimi, bu dəfə də söz-söhbətsiz ötüşmədi. Qiymətlərin az qala 10 minə qaldırılması ciddi narazılıq yaradıb. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirdi ki, qiymət artımı Səudiyyə Ərəbistanı ilə bağlıdır: "Dövlət özü müəyyən qiymətlər qoyur və qiymət artımının ölkəmizlə əlaqəsi yoxdur. Məsələn, 2-4 nəfərlik otaqlar olur orada. Həmin otaqlara 400 nəfər yerləşdiriləsi deyil ki? Yəni, ziyarət vaxtı milyonlarla insan gəlir. Tələbatdan irəli gələrək də qiymətlərdə artımlar müşahidə edilir. Yəni, Səudiyyə Ərəbistanı  ölkəyə gələn  vətəndaşları mütləq yerləşdirməlidir. İnsanlar harda istədi mağara, palatka qursun?".

 

F.Nurullayev şou-biznes əhlinin Həcc ziyarətinə getməsi məsələsinə də toxunub: "Bəli, bu cəmiyyətdə birmənalı qarşılanmır. Deyirlər ki, "indi guya düz yola qayıdıb?!". Bu, ilk növbədə Allah onun arasında olan məsələdir. Bunu bizə demək yaraşmaz. Bəzən deyirlər ki, namaz qılmır, amma oruc tutur. Oruc tutursa, namaz da qılsın və s. Allah hər kəsin əməlinə görə mükafatını verəcək. Necə verəcək, nə səviyyədə verəcək deyə bilmərik. Sadəcə ictimai qınaqdan biz qaça bilmirik. Bəli, bəlkə o insanların müsbət və mənfi cəhətləri də var. İnsan insanı alçaltmamalı, hörmətsizlik edilməməlidir. Bir-birini o cür qınaq etməməlidir, tənqid-təhqir etməməlidir. Ona görə də, kiminsə maddi durumu varsa, Həcc ziyarətinə gedə bilər. Həcc ziyarətinə gedirsə, qapana da bilər. Bu, normaldır. Əgər zəhmət çəkib, halal qazancı və maddi durumu buna imkan verirsə, Məkkəyə gedə bilər. Həccə gedərək də Hacı adına uyğun davranmaq lazımdır. Necə yaşamalıdır, bunu mütləq bilməli, onun əməllərinə riayət etməlidir. Özüm nə qədər insanları aparmışam, adamlar görmüşəm ki, həqiqətən də ziyarətdən sonra dəyişiblər. Onlar ilk öncə çalışmalıdırlar ki, müsbət, yaxşı, nümunəvi adam olsunlar. Şou əhlinin Həccə getməyində qəbahət bir şey yoxdur".

Tarix: 17 Mart 2023, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin