Milli Məclisin buraxılacağı ilə bağlı proqnozlar özünü doğrultmasa da, qanunverici orqanın islahatlardan kənarda qalmayacağı artıq heç kimdə şübhə doğurmur. Parlamentin payız sessiyasında seçki qanunvericiliyinin dəyişdiriləcəyi ilə bağlı ciddi məlumatlar var.
Yaxın gələcəkdə ölkədə proporsional seçki sisteminin tətbiq olunacağı gözlənilir. Bununla paralel olaraq, deputat yerlərinin sayı da 200-ə qaldırılacaq. Parlamentin növbəti tərkibinin daha rəngarəng olacağı gözlənilir. Bu dəfə qanunverici orqanda daha çox siyasi partiyanın və parlaq simanın təmsil olunacağı ehtimal edilir.
Aldığımız məlumata görə, islahatlar seriyası hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısından başlayacaq. Hazırda parlamentdə YAP-ı təmsil edin deputatların yarısından çoxunun növbəti seçkilərdə mandatlarını itirəcəyi vurğulanır.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, deputat mandatı ilə vidalaşacaq YAP-çılardan biri də sabiq spiker Oqtay Əsədovdur. Sədr seçilmədiyi üçün 2020-ci ildən bəri parlamentdə fəaliyyətini boykot edən O.Əsədovun bu hərəkəti ilə hakimiyyəti qəzəbləndirdiyi bildirilir.