Son vaxtlar Naxçıvanda tez-tez müxtəlif peşə sahibləri etiraz aksiyaları keçirir. Tibb işçiləri və müəllimlərdən sonra ötən gün də fəhlələr işi dayandırıblar.
Qeyd edək ki, Naxçıvan həmişə stabil bölgə kimi tanınıb. Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi 30 ilə yaxın dövr ərzində orada heç vaxt mitinq, piket və tətil olmayıb.
Müşahidəçilər son vaxtlar Naxçıvanda baş verən hadisələrin arxasında V.Talıbov və adamlarının dayandığını düşünürlər. Onların fikrincə, “xan” vəzifədən getsə də, adamları hələ də iş başındadır və lazım olanda prosesləri sabotaj etməkdən çəkinmirlər.
Bu ehtimallar nə dərəcədə doğrudur? V.Talıbovun Naxçıvan üzərində hələ də hansısa formada təsir imkanları qalıbmı? Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib ki, Naxçıvanda mitinq edənlərin hamısı Talıbov və onun qohum-əqrəbalarının şirkətlərində çalışanlardır:
“İşçilərin mitinq etməyini normal qəbul etmək lazımdır. Çünki 30 il müddətində naxçıvanlıların içində yığılan qorxu hissi aradan qalxıb və insanlar öz haqlarını tələb edirlər.
Lakin belə görürəm ki, bunlar bir növ hazırlanmış mitinqlərdir. Yəni adamları qəsdən incidirlər ki, onlar çıxıb fikirlərini bu şəkildə desin. Onlar Azərbaycana sübut etmək istəyirlər ki, Naxçıvan Vasif Talıbovsuz yaşaya bilməz. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini də bir növ gözdən salmağa çalışırlar. Mən buna ayrı cür ad tapa bilmirəm”.
“Görünən odur ki, bunları Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edirlər. Bunun ən rahat çıxış yolu həmin adamların tələblərinin yerinə yetirilməsidir. Adamlara əməkhaqqı vermirlər. Halbuki dövlətin hər cür rıçaqı var. Polis, vergi, prokurorluq, audit və s. Onlar gedib hər şeyi yoxlasınlar. Bu pul hara gedib, təyinatı üzrə niyə xərclənməyib, araşdırsınlar”, - əlavə edib.