BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan sülh sazişi üzrə danışıqlar prosesini süni şəkildə ləngitməsini ört-basdır etməyə cəhd edir"

Azərbaycan Respublikasının yaşayış məntəqələrinə qondarma adlarla istinad edilməsi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının daha bir təzahürüdür. Görünür ki, beynəlxalq hüquq, ərazi bütövlüyünə hörmət prinsipi ilə yenicə tanış olan Ermənistan bu sahədə maariflənmə fəaliyyətini hələ davam etdirməlidir.

 

Pravda.az-ın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına cavabında əksini tapıb.

 

Qeyd edilib ki, Praqa və Soçi bəyanatları Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyub, onun suverenliyi və ərazi bütövlüyünü tanıması və hörmət etməsini tələb edir: “Buna baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin bu bəyanatı daxil olmaqla, bu ölkənin siyasi rəhbərliyinin son vaxtlar daha da kəskinləşən ritorikası, təcavüzkar mahiyyətli bəyanatları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində olmadığını nümayiş etdirir.

 

2020-ci il müharibəsindən sonra sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edən, münasibətlərin qurulması üzrə 5 baza prinsiplərini və sülh sazişi mətnini təqdim edən Azərbaycanın sülh sazişində maraqlı olmadığının Ermənistan tərəfindən iddia olunması, saxtakarlığın növbəti dəfə açıq-aşkar nümunəsidir. Azərbaycanın sülh sazişi imzalamaq təklifinə bir ildən artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi və digər destruktiv təkliflərlə şərtləndirən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması yaxşı məlumdur. Ermənistan bu kimi bəyanatlarla, sülh sazişi üzrə danışıqlar prosesini süni şəkildə ləngitməsini, habelə 2022-ci ilin dekabr ayında danışıqların növbəti raundundan imtina edilməsi ilə prosesə son zərbəsini ört-basdır etməyə cəhd edir”.

Tarix: 19 Mart 2023, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin