Martın 10-da Bakı Sirkinin qarşısında sui-qəsd cəhdi edilən Nicat Ələkbərovun (Lənkəranski) hadisədən bir neçə gündən sonra həbs edilməsi əslində, gözlənilməz olmadı. Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə saxlanıldığı deyilir.
Nicat Lənkəranskinin(o “Talış Nicat” ayaması ilə də tanınır) bu ittihamla həbs edilməsi bir az müəmmalıdır. Amma səbəb nə olursa-olsun bu həbsin sözügedən sui-qəsd cəhdi ilə birbaşa bağlı olduğu şübhə doğurmur. Mümkündür ki, bu ilkin ittihamdır, sonrakı mərhələdə Nicat Lənkəranskiyə daha ağır ittihamlar verilsin. Çünki sui-qəsd cəhdinin arxasındakı səbəb məhz Nicat Lənkəransikiyə yönəlik qətl ittihamlarıdır. O da istisna deyil ki, bu kriminal hesablaşmanın davam etməsinin qarşısını almaq üçün düşmən tərəflər həbsə alınıb.
Qeyd edək ki, sui-qəsdlə bağlı 3 nəfərin həbs edildiyi, onlardan birinin kriminal avtoritet Emin Qasımovun qardaşı Elvin Qasımov olduğu bildirilir. Bunu rəsmi olaraq hələ də təsdiqləməyiblər, amma bu hesablaşmanın qan düşmənçiliyi, intiqam olduğuna şübhə yoxdur.
Qeyd edək ki, silahlı hücumda hədəfin Nicat Lənkəranski olunduğu şübhə doğurmur. Çünki ötən ilin oktyabr ayının 25-də İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, “Qardaşoğlu” ləqəbilə tanınan Elnur Qasımov öldürülməsində Nicat Lənkəranskinin adı hallanır. Hadisə İstanbulun Ataşəhər adlanan hissəsində baş verib. Belə ki, oktyabrın 25-də Ataşəhərə qardaşı oğlu ilə birgə gələn Şərur rayon sakini Elnur Qasımov oradakı binaya daxil olmaq istəyərkən bu zaman onlara yaxınlaşan avtomobildən atəş açılıb. 6 güllədən 4-ü Elnur Qasımova müxtəlif yerlərindən dəyib. Ağır xəsarət alan E.Qasımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
“Qardaşoğlu” Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. Emin Naxçıvanski kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə ötən il həbsdən buraxılıb. Elnur Qasımov Türkiyədən gətirilərək Şərur rayonunda dəfn edilib.