Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.
Pravda.az president.az saytına istinadla bu məktubların daha bir neçəsini təqdim edir.
Salyan rayonunun Qarabağlı kəndinin sakinləri Vüqar Mürsəlov, Sarxan Muradov və Zahir Abbasov dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür edirlər. Məktubda deyilir: “Hörmətli cənab Prezident, hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bəli, bu, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.
Lənkəran şəhərinin sakini Nurlan İbadov Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyü işlərin miqyasının çox böyük olduğunu və bu işlərin xalqımız, o cümlədən lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayır. O yazır: “Möhtərəm cənab Prezident, dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Biz həmişə Sizinləyik.