“Novruz bayramının tarixi Zərdüştlük dövrünə gedib çıxır. Özbək yazıçılar öz kitablarında, romanlarında Novruz adət-ənənələri haqqında yazıblar. Hətta 1705-ci ildə Səlcuqlar dövründə Məlik şahın təqvimdə martın 20-ni “il təhvil” kimi qeyd edirdilər. Bu qədər qədim bayramı, mənəvi dəyəri unudurlar. Mən bu gün insanlarımızın üzündə bayram ab-havası görmürəm”.
Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur. Oxu.Az Novruz bayramının, Baharın gəlişinin carçıları olan kosa və keçəl ilə, daha dəqiq desək, Qafar Orucov (kosa) və Vaqif İbrahimov (keçəl) ilə həmsöhbət olub.
- Elimizin gözəl bayramlarından biri Novruz bayramıdır. Hər kəsin bayramını təbrik edirsiniz, elə söhbətimizi sizi təbrik etməklə başlamaq istəyirəm. Bayramınız mübarək olsun.
- Çox sağ olun, biz də sizin vasitənizlə bütün xalqımızı Baharın gəlişi, torpağın oyanması münasibəti ilə təbrik edirik. Sizə də təşəkkür edirik ki, keçəl və kosa dedikdə ilk bizi yada salırsınız.
- Novruz bayramı sanki ildən-ilə daha sakit, daha solğun keçir, siz necə fikirləşirsiniz?
- Kosa: Mən insanları çox müşahidə edən adamam. Az müddət deyil, 33 ildir mən “kosa” obrazı ilə bayramlarda insanların üzündə gülüş yaratmağa çalışıram. Amma təəssüf ki, bu gün mən onların üzündə illər əvvəlki xoş təbəssümü görmürəm. Bizim vaxtımızda fevral ayı girən kimi Novruza hazırlıq başlayırdı. Evlərdə şirniyyatlar bişərdi, qonşular bir-birinə pay verərdi. İndi insanların çoxu gedir mağazadan ailə üzvlərinin sayına görə şəkərbura, paxlava, qoğal alır gəlir. İki qab qoyur, bir səməni qoyur ortaya, olur bayram süfrəsi.
“Azdrama”nın yanından faytonla gəlirdik, xalq kosa-keçəl görəndə çoşqu ilə qarşılayırdı. Hamımız bayram ab-havasında idik. Yaxınlaşırdılar, şəkil çəkdirirdilər, insanlar bir-birinə evdə bişən şirniyyatlardan pay verirdilər. Hətta 1997-ci ildə Novruz bayramının meydan adətinin əsasını biz qoyduq. Meydanda xurcun çiynimdə bayram əyləncəsi zamanı ulu öndər Heydər Əliyev də bayram şənliyini ziyarət etdi. Mən orada ona yaxınlaşdım və “bayram adətinə görə yumurta döyüşdürərlər” dedim. O da gülümsədi və bayram adətini yerinə yetirdi. Yumurta döyüşdürdük və mən uduzdum. Kim qalib gəlirsə, yumurtanı da ona verirdik. 2002-ci ildə də bayram ərəfəsində yumurta döyüşdürmək adətini ölkə başçısı ilə etdik. Ölkə başçısına dedim ki, udsam, mən prezident olmaq istəyirəm. O da xeyli güldü, dedi ki, yaxşı. Mən yumurta döyüşündə yenə uduzdum. Ulu öndər dedi ki, “keçən dəfə də uduzdun, indi də, bu necə olur?” O il yumurtanı verdi mənə ki, bu yumurta uğurludur, azuqə toplayarsan. Ulu öndərin vaxtında belə dəyər verdiyi, böyük çoşqu ilə təşkil edilən bu bayram, folklor artıq unudulur.
- Keçəl: Çərşənbələrimiz var, onun öz gözəl adətləri var. İnsanlar hər il o çərşənbələrə uyğun adətləri yerinə yetirərdilər. Od çərşənbəsində həyətdə tonqal qalayardılar. Uşaqların marağı olardı. İndi uşaqlar heç Novruz bayramı barədə məlumatlı da deyillər. Məktəblərdə, bağçalarda, universitetlərdə belə Novruz şənlikləri təşkil edilərdi. İstirahət, bayramlaşmaq məqsədilə qonaq gedərdilər. İndi belə bir çoşqu, maraq, bayram əhvali-ruhiyyəsi görmürük.
- Necə düşünürsünüz, folklorumuz, bayram adət-ənənələrimiz niyə unudulur və ya unudulmağa vadar edilir?
- Kosa: Vallah, televiziyalar, ictimaiyyət adamları folklorumuzu, milli bayramımızı, adət-ənənəni cəmiyyətə təbliğ etmək yerinə yaddaşlardan silirlər. Hansı kanalı açırsan, eyni müğənniləri görürsən. Bir mahnını kanal-kanal gəzib oxuyurlar, maariflənmə yox, faydalılıq yox. Hər birinin də yarım saat verilişdə qonaq olmağına nə qədər pul ayrılır. Olar, bu da lazımdır, amma ildə bir dəfə olan bayramdır, bizi də yada salın da. Özbəklər, taciklər, türkmənlər öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini necə qoruyurlar, insanlara necə tanıdırlar. Biz nə edirik? Unuduruq, unutdururuq. Niyə? 2010-cu ildə İlham Əliyevin də iştirak etdiyi rəsmi bayram şənliyində başqa keçəl-kosa dəvət etmişdilər. Ölkə başçımız özü canlı efirdə dedi ki, hanı bizim öz kosa-keçəlimiz? Biz kloun deyilik, aktyoruq və obraz canlandırırıq. Bizi dəyərsizləşdirməyə çalışanlar var, amma Allaha şükür, nail ola bilmirlər.
- Keçəl: Təəssüf ki, elədi. Hələ 2 il öncə bizi bayramlara dəvət etmirdilər. Hər kəs bir geyim tikdirib düşürdü ortaya ki, keçəl-kosayıq. Şəkil çəkdirmək üçün pul alırdılar camaatdan. Bizə təsir edən bayram simvolu olan obrazları uyğun olmayan formada ucuzlaşdırmaqdır. Onlara görə bəziləri deyirlər ki, keçəl-kosa ancaq pul dilənir, pay dilənir. Bu, belə deyil. Bu sözü deyən adamların folklordan, Novruz bayramının adət-ənənəsindən xəbəri yoxdur, bayramın məqsədindən anlayışları yoxdur.
- Elə özünüz bu məsələyə toxunmuşkən bir məqama da aydınlıq gətirək. Niyə hamı deyir ki, yeni ilin simvolu olan şaxta baba gəlişi ilə hədiyələr gətirir, kosa-keçəl isə xalqdan hədiyə istəyir?
- Kosa: Əvvəla yeni il bizim bayramımız deyil. Onun adət-ənənəsinə bir söz deyə bilmərəm. Amma bizim pay verib-almağımızı dilənçi kimi görüb, elə təsvir edənlər bu bayram barədə məlumatsız olanlardır. Bu kosa obrazını o vaxt bizdən öncə Ziyadxan müəllim canlandırırdı. Öz kompazisiyası var idi. Allah ona rəhmət eləsin. Hər yerdə kosa-keçəl var, amma bayram, adətlər barədə nə bilirlər? Uşaqların suallarına cavab verə bilirlər? Heç nə bilmirlər axı, cavab da versinlər. Süfrəni yeyib-talamaqla bayram simvolu olmur. Süfrəyə “s” hərfi ilə başlayan 7 növ nemət qoyulmalıdır. Süfrəyə qoyulan nemətlərin hər birinin öz mənası var. Şəkərbura ayın, qoğal günəşin, paxlava ulduzun, səməni torpağın nəfəs almasının, oyanışın rəmzidir. Kosa qışın rəmzidir, keçəl də yazın rəmzidir. Bizim meydan oyunlarımız var ki, özümüz ssenariləşdirmişik. Bu bayram bizim xalqımızın əliaçıqlığını, mərhəmətini, yardımlaşmasını tərənnüm edir. Heç kim heç kimdən heç nə dilənmir.
- Keçəl: Qafar müəllim, doğru vurğulayır. Bunların hamısının rəmzi mənaları var. Amma heç kim bu adətləri olduğu kimi aşılamaq istəmir, təhrif edir, alçaltmağa çalışırlar. Bu, tarixi ən qədim dövrlərə gedib çıxan bayramlardan biridir. Hər xalqın özünəməxsus bayramları var. İndi Novruz bayramı da bizim payımıza düşüb. Bəzən bu bayramı dini bayramlarla əlaqələndirmək istəyirlər. Amma heç bir əlaqəsi yoxdur. Gəl-gör ki, kosa-keçəl bu bayramın adətlərini illərdir yaşatmaq üçün əlindən gələni edir. Sadəcə bizim əziyyətimizi görmək, dəyər vermək lazımdır. Bizi mənəvi dəyərlərimizdən uzaqlaşdırmaq lazım deyil.
- Bəs siz bütün tədbirlərə təmənnasız gedirsiniz?
- Kosa: Dövlət tədbirlərinə bəli, təmənnasız gedirik. Televiziyalardan asılıdır, kim necə bayramlaşırsa, bayramlaşır(gülürlər). Amma zarafat bir kənara, sənətə, sənətçiyə qiymət vermirlər. Bayramla əlaqədar hər yerə müğənnilər dəvət olunur, bir mahnı diskini götürüb kanal-kanal gəzirlər. Ən az bəyənilən müğənninin verilişə gəlməsinə də olsun-olmasın 500-1000 manat pul verirlər. Bizi dəvət edəndə deyirlər ki, pul yoxdur, baxın da, gəlirsiniz, gəlin. Bir iki dəfə demişəm ki, əziyyət çəkmişəm, bu qədər hazırlıq, geyimlər, maşın sürüb gəlmişəm. Heç olmasa yanacaq pulunu verə bilərsiniz, ya maşın göndərə bilərsiniz. Onu deyəndə də pul istəyirik kimi çıxır. Ay qardaş, bəs bu da bizim işimizdir də. Siz işinizi havayı görürsünüz? Gəlməyəndə də öz işçilərindən birini keçəl, birini kosa edirlər, bayağı bir səhnə hazırlayıb bayram efiri çəkirlər. İmkan vermirlər ki, xalqa Novruzun tarixindən danışaq, gəncləri bir az maarifləndirək. Ancaq müğənni, müğənni, müğənni… Hamını müğənni edəcəksiniz? Reklam üçün oradan çıxıb o tərəfə gedirlər. Oxuduqları mahnıların sözlərində də, məzmununda da maariflənmə yox, mədəniyyət yox. Çoxlarının da səhnə qabiliyyəti, danışıq qabiliyyəti yoxdur. Xalq baxır, uşaq, gənclər, yeniyetmələr, yaşlılar baxır axı. Ayıb deyil?
Mənə reklam lazım deyil, adımla, sənətimlə 33 ildir mən öz reklamımı da etmişəm, möhürümü də qoymuşam. İldə bir dəfə olan bayramdır, müğənnilərə ayırdığınız pulu ildə bir dəfə də kosa-keçələ ayırın da, olmaz? Verilişlər bir işə, reklama görə 10 000-15 000 manat pul götürürlər. Heç kim uşaq deyil axı.
- Keçəl: Hamı beynində tutub ki, müğənni olum, toya gedim pul qazanım. Belə şey olar? Məni tanıyan 2-3 nəfər zəng edib ki, kömək elə müğənni olum. Mən başa düşmürəm ki, ölkənin yarısı müğənni olmaq üçün niyə əlindən gələni edir? Heç kim özünü cəmiyyətdə başqa sektorda sınamaq, orada öz yerini tutmaq istəmir. Bizə kloun kimi baxırlar, televiziyada aksesuar kimi istifadə etməyə çalışırlar. Təsəvvür edin efirə qonaq çağırırlar, müğənnilər durub mahnı oxuyur. Aparıcılar göz-qaş eləyirlər ki, durub oynayın. Ay qardaş, ay bacı, nə oynayaq? Biz təlxək deyilik, ona qalsa, bayramqabağı tədbirlərin məzmunu, əsası elə bizik. Azərbaycan Televiziyası, “Xəzər TV” hər il adət-ənənələrə sayğı ilə yanaşır, o çoşqunu itirməməyə çalışır.
- Siz illərdir bir-birinizdən ayrı partnyorlarla çıxış etmirsiniz. Him-cim ilə belə bir-birinizi başa düşürsünüz. Amma niyə Novruzun simvollarından olan Bahar qızınız yoxdur?
- Keçəl: Var, niyə yoxdur. Bizim əslində Aygün adlı Bahar qızımız var idi. Sadəcə olaraq ailə qurdu deyə daha çalışmadı. Bildiyimiz qədər, hazırda Türkiyədədir.