İran İslam İnqilabi Keşikçiləri Korpusuna bağlı olan Teleqram kanalları Prezident İlham Əliyevin Talış kəndinə səfəri və orada Ermənistana mesajlarından həyəcanlanaraq, əl-ayağa düşüblər. Bu əl-ayağa düşmə ermənilərin daha sakit davranması fonunda xüsusilə diqqət çəkir. Sanki İlham Əliyev Azərbaycana qarşı işğalçı siyasətini davam etdirən Ermənistana deyil, İrana xəbərdarlıq göndərib.
Axar.az xəbər verir ki, elə həmin gün Azərbaycan Prezidentinin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq” sözlərini erməni mediası və politoloqları “Azərbaycanın aqressiyası” kimi təqdim etməyə çalışdılar. Olduqca gülməli situasiyadır: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və işğalçı siyasətini davam etdirməsi erməni düşüncəsinə görə normaldır və belə də olmalıdır, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü bu əməllərinə görə tanımayacağını bildirməsi isə, demə, “təcavüzkarlıq mesajı” imiş.
Maraqlıdır ki, Ermənistanın həm mediası, həm də sosial şəbəkələri Azərbaycan Prezidentinin bu açıqlamasına qarşı ”İrana güvəndiklərini” açıq şəkildə ifadə etdilər. Bu, dolayısı ilə Ermənistanın üçtərəfli bəyanatlardan yayınması, Zəngəzur dəhlizini açmaması və Azərbaycana qarşı ərazi iddialarının arxasında İranın dayandığını elan etmək demək idi.
İran isə ermənilərin açıq-aşkar elan etdikləri bu mesajı dərhal qəbul etdi və doğrudan da bütün proseslərin arxasında olduğunun nümayişinə başladı. Artıq 3-cü gündür ki, SEPAH-a bağlı Teleqram kanalları Azərbaycan dövlətini qarşı ardıcıl, dayanmadan hədə dolu ifadələr və videolar paylaşır.