Gürcüstanda "Xarici təsir agentləri haqqında" qanunun qəbulunu qarşısını bütün mümkün vasitələrlə almağa çalışan, bunu demokratiyaya zərbə adlandıran Avropa İttifaqı özü analoji qanun layihəsi qəbul etməyə hazırlaşır.
Demokratiya dedikdə, Brüssel və Vaşinqtonda yalnız Qərbi seçmək azadlığı başa düşülür...
Bu günlərdə Avropa İttifaqı, Avropa Parlamenti və Avropa Şurası bir daha sübut edirlər ki, beynəlxalq siyasətdə maraqların təmin olunmasının heç bir mənəvi prinsipi yoxdur. Brüssel strateqləri yenidən siyasi realizm, "soyuq müharibə" dövrü ədəbiyyatını oxumağa və tətbiq etməyə başlayıblar. Gürcüstanda "Xarici təsir agentləri haqqında" qanunun qəbulunu bütün mümkün vasitələrlə qarşısını almağa çalışan, bunu demokratiyaya zərbə adlandıran Avropa İttifaqı özü analoji qanun layihəsi qəbul etməyə hazırlaşır. Bu barədə 14 martda nüfuzlu "Politico" nəşri məlumat yayıb. Bu məlumata görə, Avropa İttifaqı qeyri-hökumət təşkilatlarını, konsaltinq və elmi sahədə işləyən qurumları Birlik hüdudlarından kənarda aldıqları hər hansı maliyyə haqqında məlumatı açıqlamağa məcbur edəcək qanun üzərində işə başlayıb. Bu qanunun ABŞ və Avstraliyada artıq qüvvədə olan qanunlara bənzəyəcəyi gözlənilir. Aİ-də hazırlanmaqda olan qanun bütün kommersiya və qeyri-kommersiya təşkilatlarından xaricdən alınan istənilən vəsait, o cümlədən elmi fəaliyyət üçün qrantlar barədə hesabat verməsini nəzərdə tutacaq.
Artıq bir sıra QHT-lər və Avropa mühafizəkarlarını təmsil edən siyasi qüvvələr öz narahatlıqlarını bölüşüblər. Avropa mediasında Brüsselin Gürcüstanda bu cür qanunun qəbuluna qarşı çıxdığı və Tbilisiyə güclü təzyiq etməsindən sonra Avropa İttifaqının özünün bu təşəbbüslə çıxış etməsinin nə dərəcədə düzgün olması ilə bağlı müzakirələr açılıb. Lakin Brüssel və Avropa komissarları narahat görünmürlər. Çünki, onların bütün təşəbbüslərə, səhvlərə, yanlışlara ikili standartlarla bağlı unversal izahı, səbəbi və bəhanəsi var.
Maraqlı səslənir və həyacan yaradır, bu necə səbəb ola bilər? Axı Brüssel Gürcüstana bu qanunla əlaqədar müzakirə aparmaq, bu və ya digər formada qəbulu imkanlarını götür-qoy etmək fürsəti belə vermədi. Gürcüstana bu qanunu qəbul etməyə imkan verməyən, "Xarici təsir agentləri haqqında" Qanun layihəsini hər hansı formada qəbul oluna biləcəyi imkanı rədd edən Avropa İttifaqı özünün bu cür qanun qəbulunu necə əsaslandıra bilər? Əlbəttə ki, demokratiyanın müdafiəsi ilə...
Demokratiyanın müdafiəsi adı ilə bütün vasitələrə haqq qazandırmaq olar.
Demokratiyanın müdafiəsi adı altında Avropa İttifaqının bütün hərəkətlərinə, hərəkətsizliyinə haqq qazandırmaq olar. Görünür "Demokratiyanın müdafiəsi" məfhumunu Avropa İttifaqında Aristotelin ilk səbəb ideyası kimi başa düşürlər və hesab edirlər ki, bu "müdafiə" bütün vasitələri nəzərdə tutur və legitimlik qazandırır. Aİ Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Gürcüstanda "Xarici təsir agentləri haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədar 25 fevralda bəyan etdi ki, "bu Aİ normaları və dəyərləri ilə uyğun deyil". ABŞ-dan isə daha sərt bəyanat səslənmişdi. Dövlət Departamentinin sözçüsü Ned Prays martın 7-də bəyan etdi ki, Gürcüstan parlamentinin birinci oxunuşda qəbul etdiyi xarici agentlər haqqında qanuna görə ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər: "Bizim dünyanın istənilən ölkəsində insan hüquqlarının boğulmasına görə məsuliyyət daşıyan hər kəsi hesaba çəkməyə imkan verən alətlər dəsti var". ABŞ Avropa İttifaqı ilə müqayisədə təhdidlərlə bağlı daha səmimi təsir bağışladı... AŞPA-nın Gürcüstan üzrə məruzəçiləri Klod Kern və Edit Estrella da qanun layihəsinin demokratik standartlarla bir araya sığmadığını bəyan etdilər.
Bu açıqlamalar göstərdi ki, Brüssel və Vaşinqtonda Makiavellinin "məqsəd vasitəyə haqq qazandırır" prinsipini "demokratiyanın müdafiəsi adı ilə bütün vasitələrə haqq qazandırmaq olar" kimi tətbiq etməyə başlayıblar. Baxmayaraq ki, Avropa İttifaqı özü xarici təsirlərin qarşısının alınması məsələlərini uzun müddət idi ki, müzakirə edirdi. Avropa Parlamentinin 18 iyun 2020-ci il tarixli qərarı ilə Avropa İttifaqında bütün demokratik proseslərə, o cümlədən dezinformasiyaya xaricdən müdaxilə ilə bağlı xüsusi komitə (İNGE) yaradıldı (2020/2683(RSO). Komitə bu il 23 yanvarda "Dərin təhlil-hüquqi boşluqlar və xarici müdaxilə riski" adlı hesabat da təqdim edib. Bütün bunlar Aİ-nin Gürcüstana münasibətdə və ümumiyyətlə, xarici siyasətdə ikili standartın bariz nümunəsidir. Belə ki, artıq iki ildir ki, xarici təsirlər problemini müzakirə edən və müvafiq qanunvericlik islahatları həyata keçirməyə çalışan Brüssel Tblisinin bu cür hüquqi alətlərə malik olmasını rəva bilmədi.