“2020-ci ilin noyabrında Ermənistan və Azərbaycan arasında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazilərini 30 ilə yaxındır davam edən qanunsuz erməni işğalından azad etməklə öz ərazi bütövlüyünü və tarixi ədalətini bərpa etdi. Bu müharibə Cənubi Qafqazda geosiyasi reallığı dəyişdi”.
Bu sözləri Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İtaliyanın nüfuzlu “Faro di Roma” onlayn qəzetinə müsahibəsində deyib.
Elçin Əmirbəyov vurğulayıb ki, artıq iki ölkə arasında davamlı sülhün qurulması vaxtıdır və Azərbaycan Ermənistana beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamağı təklif edib:
“Lakin Ermənistan sülh prosesini əngəlləyir, Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edir. Bundan əlavə, Üçtərəfli Bəyanatdan üç il keçməsinə rəğmən, Ermənistan 10 minə yaxın silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaqdan imtina edərək, onun müddəalarını kobud şəkildə pozmaqda davam edir”.