Ötən həftə Ukrayna mətbuatında Fərhad Əhmədovla İosif Priqojinin adına çıxılan 35 dəqiqəlik telefon söhbəti yayıldı. Bu barədə pressklub.az-da məlumat vermişdi. İndi musiqi prodüseri, əvvəllər daha çox müğənni Valeriyanın əri kimi tanınan İosif Priqojin Rusiyada “vaqnerçi” soydaşı Yevgeniy Priqojindən də məşhur olub, hətta “Quql”da axtarışda birinci çıxır. Telefon söhbətində tərəflər Putin və onun Ukraynada apardığı müharibə haqqında kəskin fikirlər söyləyib, senzuradan kənar ifadələr işlədiblər:
“Onu (Putini – red.) bu *** salıblar. O özü-özünü salıb. Düzünü desəm… Axı, ***, dayanaydı, Nobel mükafatını alıb, çıxıb *** gedəydi. Onsuz da, ***, hesab elə, ölkəni verdi. Onu *** verdi. Heç nə də edə bilmərik. Bizi ***, ***. Variantımız yoxdur, ***. Yəni, hətta o *** düyməni bassa belə, ***, bu halda bütün millətin *** gələcəyi yoxdur. Vəssalam.” (Səs yazısından).
Hazırda Azərbaycanda olduğu deyilən Fərhad Əhmədov səs yazısı ilə bağlı kompromata reaksiya vermədi. Rusiyada olan İosif Priqojin isə təşviş içində ziddiyyətli izahatlarla çıxış etməyə başladı. Prodüser ilk növbədə süni intellekti ittiham etdi, bildirdi ki, düşmənləri onun fikirlərini neyroşəbəkələr vasitəsi ilə kompüterdə saxtalaşdırıblar, milyarder-senatorla söhbətindən ayrı-ayrı ifadələri bir-birinə calayıb “əsl patriota” tələ qurublar: “Keyfiyyət o qədər yüksəkdir ki, az qala özüm də inanmışdım”. “Fontanka” nəşrinə müsahibəsini isə Priqojin belə yekunlaşdırıb: “İndi elə bir şokdayam ki, bu ***-la necə yaşayacağımı anlaya bilmirəm”.
Amma bu bəhanələri heç kim ciddi qəbul etmir. Əslində, söhbət zamanı səslənən fikirlərə təəccüblənən də yoxdur. Rusiyanın elit təbəqələrində təmsil olunmuş, Qərbin sanksiyaları nəticəsində Avropa paytaxtlarında cənnət həyatını itirmiş “məşhurlardan” kim belə düşünmür, kimin ağlına bu cür fikirlər gəlmir ki? Təəccübləndirən başqa şeydir: bu iki tanınmış şəxs açıq telefon danışığında ehtiyatı bu dərəcədə əldən veriblər? Dəli olublar?