Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib.
Pravda.az xəbər verir ki, bu barədə DTX-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülmüş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Tədbirin DTX-nin akt zalında keçirilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak ediblər.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırıb. Xidmət rəisi bir əsrdən çox yaşı olan təhlükəsizlik orqanlarının təşəkkülündən geniş söhbət açmış, bu orqanların inkişafında və milli maraqlara xidmət edən təşkilat kimi formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd edib. Heydər Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqanlarının milliləşdirilməsi prosesini cəsarətlə və uğurla apardığını, azərbaycanlı kadrları bu mühüm qurumda yüksək vəzifələrə irəli çəkdiyini vurğulayıb.
General-polkovnik Əli Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.