BURADA REKLAMINIZ OLA
BİLƏR

Qüdrət Həsənquliyev: "İndi başqa məsələlərə pul xərcləməyin vaxtı deyil"

"Öz xalqını sevən hər kəs və hər bir hökumət istəyər ki, imkansız ailələrə verilən yardımın həcmi çox olsun. Bu insanlara rahatlıq gətirər, hökumətlərə isə əhalinin dəstəyini və hörmətini təmin edər. Amma istənilən hökumətin imkanları hüdudsuz deyil. Azərbaycanda bu məqsədlə Prezident tərəfindən 2.5 milyard manat pul ayrılıb və Prezident bəyan edib ki, ehtiyac olacağı təqdirdə bu məbləğ artırılacaqdır. Xaricdə oturub muzdla anti-Azərbaycan qüvvələrin tapşırığını yerinə yetirənlər bizi ayrılan yardımın həcminə görə inkişaf etmiş Qərb ölkələri ilə müqayisə edirlər, virusa yoluxanların, ölənlərin sayına, əhalinin ərzaqla təminatı vəziyyətinə, göstərilən tibbi xidmətə görə yox".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, bizə nümunə göstərilən ölkələrə baxaq: "Xəstələr koridorlarda döşəmənin üzərində yıxılıb qalıb, heç onlara yaxınlaşan da yoxdur. İnsanların çoxu xəstəxanaların qabağında yıxılıb ölür. Məsələn, bizə nümunə kimi göstərilən ABŞ-da oturub vaxtilə iqtidar nümayəndələrinin pullu sifarişi ilə reportajlar hazırlamaqla CNN kimi dünyanın nüfuzlu televiziya kanallarında iqtidarı tərifləyib göylərə qaldıran, Neft Fondunun vəsaitlərindən xalqımızın maraqları naminə necə səmərəli istifadə olunmasından danışan, sonradan bəlli səbəblərdən incik düşən Sevinc Osmanqızı üzünü görüb, səsini eşidən kimi psixi xəstə olduğu bəlli olan Yunus adlı birisini çıxarır özünün Youtube kanalına, o da Osmanqızına qoşulub başlayır ağzına gələni danışmağa. Hərdən ədəbsizlik edərək mənim də haqqımda artıq-əskik danışır. Danışdıqca az qala gözləri böyüyüb hədəqəsindən çıxacaq görkəm alan bu psixopat normal tənqid əvəzinə ölkədə vətəndaş qarşıdurması yaratmaq həvəsilə iqtidara və onun kimi düşünməyənlərə qarşı nifrət püskürür. Baxmayaraq ki, Yunus başa düşməsə də, Osmanqızı çox gözəl başa düşür ki, ölkəmiz müharibə vəziyyətindədir və ən azı məhz bu səbəbdən biz ölkənin valyuta resuslarının hamısını xərcləyə bilmərik. Valyuta ehtiyatları həm iqtisadiyyatımızın yenidən qurulması üçün çox vacibdir, həm də böhranın nə qədər davam edəcəyini dəqiq söyləmək mümkün deyil. Azərbaycanda hazırda verilən yardım yalnız ailənin ərzaqla təminatı üçündür. İndi başqa məsələlərə pul xərcləməyin vaxtı deyil. Hökumət çalışmalıdır və biz də kömək eyməliyik ki, heç bir imkansız şəxs ac qalmasın, normal qidalana bilsin. Yardımların paylanmasınadakı problemlərin həlli yollarını göstərmək lazımdır, onu ictimai narazılığa çevirməyə cəhd etmək lazım deyil. Əvvələr hökumət belə bir problemlə üzləşməyib, ona görə hər şeyin rəvan gedəcəyini düşünmək sadəlövhlük olar. İnsanlar bunu nəzərə almalıdırlar.

Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-ın vətəndaşlarına bizimlə müqayisədə daha çox pul verilməsinə gəldikdə bu, ölkənin iqtisadi gücü ilə yanaşı həm də bu il ölkədə prezident seçkiləri keçirilməsi ilə bağlıdır. Çünki indiki prezident yenidən seçkilərə qatılacaq. Həmçinin hökumət kəşfiyyat tərəfindən virusun son dərəcə təhlükəli olması barədə məlumat alsa da onu ciddi qəbul edib lazımi profilaktik tədbirlər görməmiş və bunun nəticəsi olaraq hazırda yarım milyona qədər insan virusa yoluxub, 10 mindən artıq adam isə ölüb.

Vəziyyət isə gündən-günə ağırlaşmaqdadır. Hökumət həyatını itirənləri hətta insanlığa yaraşan formada belə dəfn edə bilmir. Ona görə əhaliyə çox pul verməklə həm də onların hökumətə qarşı qəzəbini soyutmaq istəyir. Məhz sadaladıqlarıma görə, bizi ABŞ-la müqayisə etmək yersiz və qərəzlidir".Publika.az

Tarix: 11 Aprel 2020, 13:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin