Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya edilən sui-qəsd - terror aktı ölkədə böyük rezonans doğurub.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixində deputat Fazil Mustafa Sabunçu rayonundakı evinin qarşısında “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində iki güllə yarası alıb.
Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Modern.az xatırladır ki, dünənki hadisə Azərbaycanda deputatlara qarşı törədilmiş ilk terror aktı deyil.
Uzun illər əvvəl Milli Məclisin daha bir deputatı evinin qarşısında öldürülüb.
Söhbət Azərbaycan parlamentinin 54 saylı Balakən seçki dairəsindən seçilmiş deputatı Əli Ansuxskidən gedir.
Mərhum deputatın qısa dosyesini təqdim edirik:
Əli Abdulqədiroviç Ansuxski 1947-ci il iyunun 1-də Balakən rayonunda anadan olub. Azərbaycan Politexnik İnstitutunun konservləşdirmə texnologiyası fakültəsini bitirib.