"Kamera görüntülərinə baxmışam, qardaşım atəş açılan zaman çevik davranaraq həyətə daxil olub və qapını bağlayıb. Hadisə baş verəndə ailəsi evdə olub, qardaşım özündən çox ailəsinə görə də narahat olub”.
Bu sözləri ötən gecə yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan deputat Fazil Mustafanın qardaşı İlqar Mustafayev Oxu.Az-a açıqlamasında deyib. O bildirib ki, F.Mustafa evə qayıdarkən tək olub və bu, planlaşdırılmış hücum olub: "Tək olub, maşından düşən zaman onu izləyiblər. Qaranlıq olub. Həyətdə dəmir dirək var, onlar orada pusqu qurub, məqsədyönünlü şəkildə qardaşımı gözləyiblər. Bu, sifarişli hadisədir.
Kamera görüntülərinə silahlı şəxslər düşməyiblər, yalnız Fazilin çevik davranaraq həyətə girib qapını bağlaması anı var. Cəld qardaşım oğlu Toğrula zəng edib. Silahdan bir neçə atəş açılıb, xoşbəxtlikdən yan keçib. Həyətə tərəf qaçarkən iki güllə çiyin və ayaq nahiyəsinə dəyib. Şükür hazırda qardaşımın vəziyyəti yaxşıdır. Bu hadisəni törədənlər hüquq-mühafizə orqanları tərəfindən axtarılırlar. İstintaq getdiyi üçün biz qeyri-dəqiq məlumatlar vermək istəmirik”.